/ Новости сайта / XƏBƏRLƏR / Bakı rayonlarına başçılıq edənlər haralıdır? - Yarıdan çoxu əslən 2 bölgədəndir
12.12.2019

Bakı rayonlarına başçılıq edənlər haralıdır? - Yarıdan çoxu əslən 2 bölgədəndir

201 0 XƏBƏRLƏR

Bakı rayonlarına başçılıq edənlər haralıdır? - Yarıdan çoxu əslən 2 bölgədəndir



Ölkə paytaxtı 12 inzibati rayona bölünüb və bu rayonlara rəhbərlik edən icra başçılarından yalnız 1 nəfər əslən bakılı hesab olunur. Paytaxt rayonlarının icra başçılarının yarıdan çoxunu - 8 nəfərini əslən Naxçıvan Muxtar Respublikası və Qərbi Azərbaycandan olan şəxslər təşkil edir. 12 icra başçısından yarısı (6 nəfəri) isə əslən 2 rayondan - Şərur (Naxçıvan MR) və Sisian (keçmiş Ermənistan SSR) rayonlarındandırlar.

Yeniavaz.com Bakı şəhərinin tərkibində yer alan 12 inzibati rayonun icra başçılarının tərcümeyi halını təqdim edir.

- Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Allahverdiyev Elxan Şamil oğlu 1960-ci ildə Bakı şəhərində anadan olsa da, əslən Naxçıvan MR-in Şərur rayonundandır. Elxan Allahverdiyev Azərbaycan Prezidentinin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.  Başçının rəsmi tərcümeyi-halında qeyd olunur ki, 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirib. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb. Mətbuatda yer alan məlumatlarda isə bildirilir ki, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində də çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır. Elxan Allahverdiyevin atası Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət göstərib. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr edib. Şamil Allahverdiyev 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat edib. İcra başçısının qardaşı Rövşən Allahverdiyev 2013-cü ildən "Kapitalbank"-ın idarə heyyətinin sədri vəzifəsində işləyir.

- Nizami rayon İcra Hakimiyyətinin başçısı Qasımov Arif Adil oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Prezidentin 2015-ci il tarixli sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının idarə olunması və istehsalın təşkili şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı nazirinin köməkçisi, Bakı şəhəri  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri və 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

- Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsqər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2005-ci ilin dekabr Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışıb. Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib.


- Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Naxçıvan şəhərində anadan olub. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Respublika yığma komandasının rəisi olub, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.
1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı, 25 iyun 2009-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin başçısı və 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Fəlsəfə doktoru, dosent, professor, idman ustası, Respublikanın Əməkdar Məşqçisi, Respublika dərəcəli hakimdir.


- Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.
1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ilin dekabr ayınadək Yardımlı rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı olub.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

- Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Abbasov İlqar Namaz oğlunun rəsmi tərcümeyi-halında doğum tarixi və yeri barədə məlumat qeyd olunmayıb. Lakin, mətbuatda yer alan məlumatlara görə İlqar Abbasov əslən Sisian rayonundandır (Qərbi Azərbaycan). Azərbaycan Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl İlqar Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb. 
İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

- Pirallahı rayon İcra Hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlu 1961-ci ildə Sisian rayonunun Ərəfsə kəndində anadan olub.  Azərbaycan Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışıb. 

- Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Teyyub oğlu Zeynalov 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Əslən Xızının Tıxlı kəndindəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə idarəetməsi" fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifələrini icra edib. 2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2015-2018-ci illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

- Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əzizov Əziz İmran oğlu 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub.  Azərbaycan Prezidentinin 02 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

- Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Vəliyev Adil Ənvər oğlu 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 2012-ci ilin aprel ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə Sabunçu rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olub.

- Xəzər rayon İcra Hakimiyyətinin başçısı Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub.  İcra başçıları arasında əslən Bakılı olan yeganə şəxsdir. Azərbaycan Prezidentinin  05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universtetini, 2017-ci ildə  Azərbaycan  Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını  bitirib.  “Bank Standart”  Kommersiya Bankının  “Mərdəkan” filialının direktoru, 2014-cü ildə Xəzər Rayon  İcra Hakimiyyəti Başçısı  Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri, 2018-ci  ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrində çalışıb.  Elşən Salahovun atası - Hacı Rövşən Salahov "Abşeron" marketinin direktorudur.

- Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim İsa oğlu Məmmədov ötən ilin dekabr ayında tutduğu vəzifədən azad olunub. Hazırda onun yerinə yeni təyinat edilməyib. Razim Məmmədov 2006-cı ildən Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 1966-cı ildə Sisian rayonunun Ağudi kəndində anadan olub.

Qeyd edək ki, hazırda Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Quluyev Rafiq Çəpərxan oğlu 1974-cü Sisian rayonunun Ərəfsə kəndində anadan olub.


tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Сентябрь 2019  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 4
Гостей: 3
Пользователей: 1
tmmrtalish